Ağcabədidə melioratorların peşə bayramı qeyd edilib
Ağcabədi rayonunda 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü qeyd edilmişdir.
Rayon suvarma sistemləri, subartezian quyularının istismarı, meliorasiya, melioservis və sukanal idarələrinin kollektivləri Ağcabədi şəhərinin mərkəzi meydanına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdiri Hafiz Mehdiyev meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkə melioratorları 2007-ci ildən başlayaraq Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun gününü peşə bayramı kimi qeyd edirlər.
Tədbirdə həmçinin, qabaqcıl melioratorlar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundular.