Ağcabədidə əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsində mətbuatın rolu müzakirə edilmişdir
İyunun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları və bu sahədə insanların maarifləndirilməsində mətbuatın rolu” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyətinin, FHN Qarabağ Regional Mərkəzinin, “Aran” qəzetinin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsədi əhalinin fövqəladə hallar sahəsində biliklərinin artırılmasında, onlara baş verə biləcək fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının aşılanmasında qəzetlərlə əməkdaşlığın müzakirə edilməsi olmuşdur.
Tədbirdə baş verə biləcək ekstremal halların qarşısının alınması, fövqəladə hadisələr baş verərkən ziyanların minimuma endirilməsi üçün əhali ilə mütəmadi aparılan təbliğat işlərinin əhəmiyyətindən, bu məsələlərdə mətbuatın əvəzedilməz rolundan bəhs edilmişdir.
Qarabağ Regional Mərkəzinin əməkdaşları dəyirmi masa iştirakçılarına təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri, fövqəladə hallar, mülki müdafiə barədə məlumatlar vermiş, region üçün xarakterik olan təbii fəlakətlər, mövsümi hadisələr, bununla əlaqədar profilaktik tədbirlər və düzgün davranış qaydaları ilə bağlı materialların qəzetdə mütəmadi dərc edilərək, əhalinin diqqətinə çatdırılmasının vacibliyindən danışmışlar.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları redaksiya heyətini və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.