Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedaqoji Kollecində internet resurslardan düzgün istifadə mövzusunda seminar keçirilib

31 may 2017 | 11:00

31 may 2017-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə sosial şəbəkələrdən və informasiya resurslarından istifadə mövzusunda seminar-iclas keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qəmbərov, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, kollecin direktoru Mirələm İbrahimov, həmçinin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər dövlətin informasiya siyasətindən danışaraq qeyd ediblər ki, dünyada baş verən hadisələrin, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mahiyətinin və hədəflərinin cəmiyyətə operativ, düzgün və hərtərəfli şəkildə çatdırılması informasiya siyasətinin başlıca istiqamətlərini təşkil edir. Müasir dövrdə internet medianın və sosial şəbəkələrin rolu sürətlə artmaqdadır. Hazırda Azərbaycan əhalisinin 80 faizə qədərinin internetə çıxışı var. Ölkədə yüzlərlə sayt fəaliyət göstərir, 2 milyona yaxın insan sosial şəbəkələrdən, ilk növbədə “facebook”dan istifadə edir. Tənzimləyici orqanın olmaması çox vaxt sosial şəbəkələrin manipulyasiya və dezinformasiya platformasına çevrilməsinə gətirib çıxarır. Xarici anti-Azərbaycan qüvvələri sosial şəbəkələrdə və internet resurslarda dövlət başçısı və onun həyata keçirdiyi siyasət, ayrı-ayrı dövlət qurumları və onların rəhbər vəzifəli şəxsləri, milli və dini münasibətlər, ölkə əhalsinin sosial durumu və s. mövzularda əsassız iddialar yayırlar. Bəzən isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş verən hadisələr, milli ordu hissələrinin və hərbi texnikanın dislokasiyası, hərəkəti və digər bu kimi məsələlər barədə məlumatlar sosial şəbəkə istifadəçiləri tərəfindən bilərək yaxud bilmədən internet resurslarda yayılır və bu vəziyyət müharibə şəraitində olan ölkəmiz üçün heç də yaxşı hal deyil. Çıxış edənlər tələbələri bu kimi məsələlərdə xüsusilə diqqətli olmağa çağırıblar.
Sosial şəbəkələrdən ən çox istifadə edənlər 19-29 yaşlı gənclər olduğunu qeyd edən çıxışçılar onları yerli əhəmiyyətli məsələlərlə yanaşı, ümummilli məsələlərə də xidmət göstərən müxtəlif kampaniyalara dəstək verməyə çağırıblar. Qeyd olunub ki, bəzən xarici saytlarda Azərbaycanla bağlı xüsusi petisiyalar hazırlanaraq yerləşdirilir. Bu sənədlərdə əsasən işğal altındakı torpaqlarımızın azad olunması, xalqımıza qarşı törədilmiş soyqırımların xarici dövlətlər tərəfindən rəsmən tanınması kimi tələblər yer alır ki, bu işə dəstək verilməsində sağlam düşüncəli və vətənpərvər gənclər, qadınlar, ziyalılar və tələbələr mühüm rol oyanıyır.
Daha sonra tədbir tələbələrin də iştirakı ilə çıxışlar ətrafında müzakirə formasında davam etdirilib.

Keçidlər