Ağcabədi rayonunda “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
30.05.2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin 2017-ci il üçün birgə razılaşdırılmış tədbirlər planına əsasən Ağcabədi rayon Mədəniyyət evində “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, şəhər məktəblərinin direktorları (1, 2, 3, 4, 5, 6, 7, 8, 9 saylı ), pedaqoji kollektivlərin nümayəndələri və yuxarı sinif şagirdləri (X-XI sinif) iştirak etmişdilər.
Tədbiri Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq məruzə üçün sözü Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verdi. Salman Səmədov İslam dininin əsl dəyərlərini və fəlsəfəsini izah etdikdən sonra, vəhhabilik, nurçuluq, yahova şahidləri, nəqşibəndilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanların həyatı üçün təhlükəli olması və İslam dəyərlərinə uyğun olmaması ilə bağlı məlumat verdi. Məruzə ətrafında Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, rayon ağsaqqalları adından S.Qasımov çıxış etdilər. Tədbirdə şagirdlər tərəfindən verilmiş çoxsaylı suallar cavablandırıldı və Naibə Mustafayeva tədbiri yekunlaşdırmışdır.