Ağcabədi şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Ağcabədi şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılmışdır.
11 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq Ağcabədi şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Ağcabədi şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Ağcabədi şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.