Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə II Qarabağ regional Uşaq Forumu keçirilib.

20 noyabr 2021 | 11:00

Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə  Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin təşəbbüsü ilə Ağcabədi rayonunda II Qarabağ regional Uşaq Forumu keçirilib.
Noyabrın 19-da keçirilən II Qarabağ Regional Uşaq Forumu  fərqli bir ab-havada, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə baş tutub. Forumda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, həssas təbəqədən, xüsusilə də qaçqın və məcburi köçkün, şəhid və qazi ailələrinin övladlarının iştirakına xüsusi önəm verilib.
Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dövlət uşaq siyasəti haqqında film nümayiş etdirilib. Filmin nümayişindən sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayaraq Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
   Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, Rayon Polis şöbəsinin əməkdaşı Taleh Qasımov və Rayon Təhsil şöbəsinin əməkdaşı Təyyar Hacıyev çıxış edərək Forum iştirakçılarını və qonaqları salamlayaraq, uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin rəsmi açılışından sonra Yaqub Məmmədov adına Mədəniyyət evinin, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında rəqs və musiqi nömrələri və “Qarabağ Azərbaycandır!” kompazisiyası nümayiş etdirilib.

Keçidlər