Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü qeyd olundu

05 sentyabr 2021 | 11:00

5 sentyabr 2021-ci il tarixdə Minəxorlu kəndində şəhid Tariyel Atayevin doğum
günü qeyd olundu. Şəhidin doğum günündə Ağcabədi Rayon İcra Hakimiyyəti
Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Ağcabədi rayon şöbəsinin məsul işçiləri, şəhidin doğmaları, yaxınları, kənd sakinləri,
şəhid valideynləri, yerli icra və bələdiyyə, media nümayəndələri və şəhidin döyüş
yoldaşları iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, keçirdiyi
qısa və şərəfli döyüş yolundan danışmışlar. Sonra torpaq uğrunda canını fəda edən
şəhidin kənd qəbristanlığındakı məzarını ziyarət etmiş, üzərinə əklillər qoyaraq, onun
ruhuna dualar oxumuşlar.

Qeyd edək ki, Tariyel Fəxrəddin oğlu Atayev 5 sentyabr 1986-cı ildə Minəxorlu
kəndində dünyaya göz açıb. O, Vətən müharibəsi başlanan zaman bir an
düşünmədən könüllü olaraq döyüşən orduya qoşulub. Tağım komandiri kimi
minaatan batareyada vuruşmağa başladı. Füzuli, Ağdərə, Xocavənd istiqamətində
gedən qızğın döyüşlərin fəal iştirakçısı olan vətən oğlu 11 oktyabr 2020-ci ildə
qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif
olunan Tariyel Atayev torpaqlarımızı canından artıq sevməsini şəhid olması ilə bir
daha sübut etdi. Qəhrəmanlıq tariximizə öz qanı ilə əbədi bir imza atan Tariyelin əziz
xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq!

Keçidlər