Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə vaxtı dağılmış evlərin bərpası davam etdirilir

07 iyul 2021 | 11:00

II Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən qazanılan parlaq qələbə Azərbaycanın müstəqillik tarixində gələcəyə inamla baxmaq üçün yeni səhifə açdı. Ordumuz bu qələbəni cəmi 44 gün ərzində təmin etdi. Ermənistandan fərqli olaraq, Silahlı Qüvvələrimiz gücünü, qüvvəsini vətəndaşlar üzərində deyil, ordu üzərində tətbiq etdi. Lakin düşmən öz məğlubiyyətinin acısını dinc əhalidən çıxdı. Bunun nəticəsində 93 dinc sakin həlak olmaqla yanaşı, 400-dən çox mülki şəxs yaralandı. Nəticədə, 3 mindən çox bina dağıdıldı. Cənab Prezident İlham Əliyev bütün sahələrə qayğıyla yanaşdığı kimi, bu məsələyə də həssaslıqla yanaşır. Ölkə başçısının müvafiq tapşırığından sonra bölgələrə qruplar göndərilərək vurulmuş ziyan hesablanıb. Dağılmış evlərin dövlət hesabına tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Vətən müharibəsi zamanı Ağcabədi rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktura sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli 612 nömrəli Sərəncamı əsasında yaradılmış Ağcabədi rayonu işçi qruplarının üzvləri tərəfindən 2020-ci il 12 noyabr tarixindən 5 dekabr tarixinədək baxış keçirilmiş bu proses bu gün də davam etdirilməkdədir. Məsələ ilə əlaqədar olaraq Hacılar və Arazbar kəndlərindəki vəziyyətlə maraqlandıq. Hacılar kənd inzibati ərazi dairəsinin nümayəndəsi Ağamir Abbasovun bildirdiyinə görə, kənddə 104 ev dağıdılmışdır ki, bunlardan 97-də təmir işləri yekunlaşmışdır. Qalan 7 evdə bərpa işləri davam etdirilir. Hacılar kənd kitabxanası və 2 ticarət obyektində də təmir işləri aparılmışdır. Dağılmış uşaq bağçasının yerinə yaxın vaxtlarda yenisinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.  Kənd sakinləri Kamran İsmayılov, Ceyhun Abbasov, Nuranə Hacıyeva və digər vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Arazbar kənd inzibati ərazi dairəsinin nümayəndəsi Rəhbər Hüseynovun bildirdiyinə görə, kənddə 51 ev dağıdılmışdır ki, onlardan 44-də bərpa işləri aparılıb. 7 evdə təmir işləri davam etdirilir. Həmçinin kənd kitabxanası və 1 ticarət obyektində də təmir işləri yekunlaşıb. Kənd məktəbində də bərpa işləri aparılacaq. Ferma təsərrüfatına dəyən zərər aradan qaldırılıb.

Keçidlər