Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə bu günədək 100 min tondan çox taxıl istehsal olunub

02 iyul 2021 | 11:00

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 26 min 879,6 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 22 min 224,1 hektarı buğda, 4655,5 hektarı arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə ümumilikdə rayon üzrə 51 taxılbiçən kombayn cəlb edilib. Bunun 38-i “Aqrolizinq” ASC-yə məxsus olan, 13 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır.

Ağcabədi taxılçıları arpa biçinini yekunlaşdırmaq üzrədirlər. Artıq arpa zəmilərinin 4643,5 hektarı biçilib, 16 min 561 ton məhsul əldə edilib. Buğda sahələrinin isə 20 min 269,1 hektarında biçin aparılıb, 85 min 140 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı buğda sahələrində 42 sentner, arpa sahələrində isə 35,7 sentnerdir.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları 28 min 324 hektar taxıl sahəsindən 105 min 494,2 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner olub.

Keçidlər