Şriftin ölçüsü :

Saytın rəngi :

Son 30 ilin əsas yekunu - torpaqlarımızın işğaldan azad olunmasıdır

11 yanvar 2021 | 11:00

6 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Dövlət başçısı müşavirədə geniş məzmunlu nitq söyləmişdir. Son 30 ilin əsas yekunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu vurğulayan ölkə rəhbəri qeyd etmişdir ki, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq, öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Düşmənin30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın böyük əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bununla sübut edildi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu nümayiş etdirdi. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir.
Sülhməramlı qüvvələrin fəaliyyətinə toxunan cənab Prezident qeyd edib ki, sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Biz sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.
Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.  Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır,  müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb. Xocavənddə təxribat törətdiyi üçün ələ keçirilmiş erməni döyüşçülər hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır.
Dövlət başçısı göstərib ki, 2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.  Siyasi dialoqda iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə  xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Təəssüf ki, antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.
1990-cı illərin əvvəllərində Azərbaycan yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. AXC-Müsavat hakimiyyəti bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.
Son vaxtlar ölkədə kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. 
TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir. Cənub Qaz Dəhlizinin təşəbbüskarı da Azərbaycan olub, əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürüb.
Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Həmin vaxt 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq.
Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir. Azərbaycanı tənqid edən xaricdəki və daxildəki dırnaqarası, qondarma iqtisadçılar bu nəticəni öyrənməli, yanlış tənqidlərə son qoymalıdırlar. Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinqimizi artırıb.
Yeni reytinqə görə Azərbaycan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdə, 10 ən islahatçı ölkə sırasında, əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında isə ikinci yerdədir.

Cənab Prezident nitqində respublikamızda koronavirusa qarşı mübarizənin təşkilinə toxunub. Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub, bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək. İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcəklər.
Prezident İlham Əliyev post müharibə dövrünə aid görüləcək işlərdən söz açıb. Qeyd edilib ki, müharibə nəticəsində ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək. Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar isə xatirə komplekslərinə çevrilməlidir. Şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır. Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri yaradılmalıdır. Həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik. Ərazilərdən minaların təmizlənməsi ilə məşğul olan ANAMA yaxınlarda yenidən təşkil ediləcək.
Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcyi dəqiq bilinməlidir. Əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm və dağ-mədən sahələri olacaqdır. Ekologiyaya vurulan ziyan hesablanmalıdır. Ermənilər tərəfindən dağıdılmış meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır.
Prezident İlham Əliyev əlavə edib ki, xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün yersiz xərclərə son qoyulmalıdır. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə yerləşdirilməlidir. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət prioritetlər seçməlidir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var.
Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Bildirilib ki, 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Artıq ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan isə Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir.
Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd (Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır.
Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir.
Dövlət başçısı bunuda qeyd edib ki, Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. İranla bərpa olunmuş sərhəd dostluq sərhədidir, amma  sərhəd infrastrukturu mütləq yaradılmalıdır.
  Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.
Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.

Keçidlər