Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonundakı dənli bitki toxumlarının emalı müəssisəsində toxum emalına başlanılıb

10 iyul 2020 | 11:00

Ağcabədi rayonunda yeni istifadəyə verilən dənli bitki toxumlarının emalı müəssisəsində toxum emalına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir hektar ərazidə yaradılan müəssisə inzibati bina, toxum təmizləmə bloku, elevator və digər qurğulardan ibarətdir. Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək saxlanması, emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir.

Müəssisəyə gətirilən xammal əvvəlcə tərəzidə çəkilir, sonra bunkerlərə vurulur, daha sonra isə emal məntəqəsinə ötürülür. Burada toxum 4 mərhələdən keçirilir - mexaniki qarışıqlardan, o cümlədən alaq otlarından və dən qırıqlarından təmizlənir, ölçülərinə görə fərqlənən toxumlar ayrılır, sonda eyni ölçülü və çəkili toxumlar dərmanlanır və qablaşdırılır. Artıq fermerlərdən min tona yaxın taxıl qəbul edilib. Müəssisədə bir saatda 5 ton toxum emal olunur.

Müəssisənin imkanlarından Ağcabədi ilə yanaşı, Ağdam, Bərdə, Beyləqan, Tərtər, Füzuli, İmişli və digər rayonların fermerləri də yararlana biləcək.

Keçidlər