Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Bu dövrdə ön planda insanların sağlamlığı durur

09 iyul 2020 | 11:00

Ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım tempinin yüksək olduğunu nəzərə alaraq dövlətimiz lazımi tədbirləri həyata keçirməkdə davam edir. Artıq 800 çarpayılıq xəstəxana tikilib istifadəyə verildi, qısa müddət ərzində isə daha 1300 çarpayılıq modul tipli yeni xəstəxana istifadəyə veriləcək.
Azərbaycanda COVİD 19-la mübarizə məqsədilə 5 modul tipli xəstəxana artıq (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) fəaliyyət göstərir, tezliklə daha beş modul tipli xəstəxana da inşa olunacaq. Həyata keçirilən tədbirlər onu göstərir ki, ölkəmiz koronavirusla bağlı ən ağır ssenariyə hazırdır. Hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə olunur ki, bu xəstəxanaların da 35-i Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə son vaxtlar tikilərək istifadəyə verilib.
Son günlər koronavirusa yoluxmanın sürəti yüksəlir ki, heç bir ölkənin bu xəstəlikdən siğortalana bilməsi mümkün deyil. Respublikamızda vəziyyət ağır olsa da, nəzarət altındadır, mübarizə tədbirləri davam etdirilir. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır ki, bununla əlaqədar hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Həmçinin,  koronovirusla mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığı davam edir. ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlıq və məsləhətləşmələr bundan sonra da davam edəcək.
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılışdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycanın iqtisadiyyatı ciddi və möhkəm əsaslar üzərində qurulub. Odur ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı cəmi 1,7 faiz tənəzzül etdi. Buna baxmayaraq ölkədə heç bir sosial layihə təxirə salınmadı. Əksinə, büdcə ilə reallaşan sosial layihələr keçən illə müqayisədə daha təsirlidir. Bu dövrdə ön planda insanların sağlamlığı durur. İnsanların sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Odur ki, bu il məcburi köçkünlər üçün rekord sayda yaşayış binası tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil inşa olunub istifadəyə veriləcək. Qüsursuz xidmət göstərən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni 300 mindən çox insan ünvanlı sosial yardımla təmin olunacaq.
Cənab Prezident qeyd edib ki, əsas strateji məhsulumuz olan neftin qiyməti hətta 14 dollara düşsə belə, biz ayaqda möhkəm dayanacağıq. Çünki biz son illər ərzində böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhrana qalib gəlməyə gücümüz çatacaq. Dövlətimiz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Biz bu yardımı həmrəylik borcu kimi edirik.
Daha sonra cənab Prezident BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsinə toxunaraq bu təşəbbüsün əleyhinə səs verən yeganə ölkənin Ermənistan olduğunu söyləyib. Qeyd edib ki, Ermənistan dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artırmasın deyə ehtiraz etdi və özünü yenə təcrid vəziyyətinə saldı. Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz dəyişməz olaraq qalır. Başqa cür ola da bilməz. Çünki bizim mövqeyimiz tarixi ədalət, beynəlxalq hüquqa əsaslanan haqq, ədalət mövqeyidir. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini nümayiş etdirdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz – eşiksiz qoyan ölkə demokrat ola bilməz.
Cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın müntəzəm və məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistan üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarır və dünyaya bəyan edirik. BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. BMT, Qoşulmama Hərakatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa ittifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın bütövlüyünü tanıyan qərarları beynəlxalq aləmdə bizim mövqeyimizi daha da gücləndirir. ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşləri heç bir diplomatik nəticə vermir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal olunmuş Azərbaycan torpaqlarında ekoloji vəziyyətin korlanmasına əhəmiyyət göstərmir. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə göz yumur.
Ermənistanın baş naziri “Qarabağ Ermənistanındır” deyəndə Azərbaycan buna layiqincə, tutarlı cavab verdi. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu qətiyyətlə bütün dünyaya çatdırdı.

Keçidlər