Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu qürur mənbəyimizdir

27 iyun 2020 | 11:00

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 25 iyun 2020-ci il tarixdə Mingəçevir şəhərinə səfəri zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında olmuş və nitq söyləmişdir.
Cənab Prezident Azərbaycanda ordu quruculuğundan danışaraq bildirmişdir ki, onun üçün gündəlik fəaliyyətində ordu quruculuğu birinci yerdədir.Ölkəmiz müharibə şəraitində yaşadığından ordu ilə bağlı bütün məsələlər əsas vəzifədir. Ona görə də bu sahədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemlərinin həll olunması da diqqət mərkəzindədir. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. 1700 zabit yeni mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Ölkə prezidenti qeyd etmişdir ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.Hər şeyi öz hesabımıza əldə etmişik.Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hazırda 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Cənab Prezident bildirmişdir ki, eyni zamanda hərbi hissələrdə ideoloji təbliğata,maarifləndirməyə xüsusi əhəmiyyət verilməlidir. Gənclərimiz bilməlidir ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Ona görə də gənclərimiz Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını tanımalıdır. 90-cı illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.
Cənab Prezident xüsusi vurğuladı ki, ordunun döyüş qabiliyyətinin artırılması çox vacib məsələdir. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm də 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım da geri atmayacağıq.  İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk Qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
Ali Baş Komandan onu da diqqətə çatdırdı ki, Ermənistanın müstəqillik tarixi   prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Lakin buna baxmayaraq Avropa Şurası, ATƏT Ermənistandakı diktatura rejiminə göz yumur, Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı  səslərini çıxarmırlar. Bu gün Ermənistanın inkişaf perspektivləri yoxdur.Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq.
Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Əgər bura 20 il quldurlar rəhbərlik edibsə ona, nə ad vermək olar? - quldur ölkəsi, cinayətkar ölkəsi.
Təbii ki, bu axıra qədər davam edə bilməz. İqtisadi və siyasi tənəzzülə uğrayan Ermənistan Azərbaycanın gündən – günə artan iqtisadi, siyasi və hərbi gücü qarşısında acizdir.

Keçidlər