Şriftin ölçüsü :

Saytın rəngi :

Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlərlə videokonfrans keçirilib

21 may 2020 | 11:00

Respublika ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyətin, cari tapşırıqların icrasının dəyərləndirilməsi məqsədilə daha bir videokonfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin təşkil etdiyi növbəti videokonfransda toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslərlə onların maddi-texniki bazasının və təsərrüfat fəaliyyətlərinin mövcud vəziyyəti müzakirə edilib, toxumçuluq fəaliyyəti ilə bağlı bilik və bacarıqları qiymətləndirilib.

Videokonfransda şöbə müdiri Rafail Quliyev, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Tərtər, Biləsuvar, Ağcabədi, Ağdam, Ağdaş, Cəlilabad, Quba, Qusar və digər rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, toxumçuluq və fitosanitar xidmətlərinin rəhbərləri, toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün təkrar və yeni müraciət etmiş 28 şəxs iştirak edib.

Videokonfransda toxumçuluq təsərrüfatlarında növbəli əkin sisteminə riayət edilməsi, toxum anbarlarının istifadəyə yararlı vəziyyətdə saxlanılması, fumiqasiyası, becərmə, toxumtəmizləyən texnika və avadanlıqların müasir tələblərə uyğunlaşdırılması, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə kifayət qədər bilik və təcrübəyə malik olması, toxumluq sahələrdə aparılan aqrotexniki tədbirlərin texnolojı xəritəsinə riayət edilməsi və digər məsələlər müzakirə edilib.

Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən şəxslərin sualları cavablandırılıb, onlara müvafiq tövsiyələr verilib.

Keçidlər