Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd qadınları koronavirusla mübarizə çərçivəsində sosial dəstək aksiyalarını davam etdirirlər

13 may 2020 | 11:00

Azərbaycanda bütün dünyanın bəlasına çevrilən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması, onlara sosial dəstək göstərilməsi istiqamətində ciddi və təxirəsalınmaz işlər görülür. Xalqımız koronavirus və onun yaratdığı sosial-iqtisadi fəsadlarla mübarizədə həmrəylik, birlik nümayiş etdirir. Bu istiqamətdə hər kəs əlindən gələn köməyi göstərməyə çalışır.
Koronavirusla mübarizənin tərkib hissəsi olan sosial aksiyalarda kənd qadınları da böyük fədakarlıqlar göstərirlər. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə respublikanın 14 rayonunda fəaliyyət göstərən 32 Qadın İnkişaf və Müəssisə Qrupu da Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial baxımdan həssas əhali qrupuna aid edilən insanlara dəstək aksiyalarını davam etdirirlər. "Qadın özünəkömək qrupları modeli aztəminatlı qadınların təbii fəlakət, iqtisadi böhran, ictimai gərginlik və sair kimi gözlənilməz situasiyalara uyğunlaşma bacarığını təkmilləşdirərək onların özgüvənini artırır və “zərbələrə” qarşı dəyanətli olmağa hazırlayır. Məhz bu məqsədlə də Azərbaycan Kənd Qadınları Assosiasiyası səfərbər etdiyi Qadın İnkişaf və Müəssisə qruplarına müxtəlif biznes bacarıqları, tibbi sağlamlıq, həyat bacarıqları, ətraf mühitin mühafizəsi və sair mövzularda təlimlər və məsləhət saatları təşkil etməklə onların kəndin sosial və iqtisadi inkişafına töhfə verməsini asanlaşdırır", - deyə G.Qənbərova bildirib.
Assosiasiya sədri məlumat verib ki, koronavirusla mübarizə çərçivəsində Qadın İnkişaf və Müəssisə qrupları martın 20-dən başlayaraq rayonlarda ehtiyacı olan vətəndaşlar üçün müxtəlif sosial tədbirlər həyata keçirməyə başlayıb. Bu dövrdə Neftçala, Saatlı, Balakən, Beyləqan, Bərdə, Masallı, Lənkəran və İmişli rayonlarında çörəkbişirmə biznesi olan qadın qrupları tərəfindən 56 min 672 təndir və kürə çörəyi bişirilərək, 47 min 522 çörək kənd sakini olan alıcılara evlərdə çatdırılıb, 9150 çörək isə təmənnasız yardım kimi 61 aztəminatlı ailəyə verilib.
Şirniyyat bişirmə biznesi olan qruplar öz kəndlərindəki yaşı 65-dən yuxarı olan xəstə və tənha yaşayan sakinlərə davamlı şəkildə şirniyyat məhsulları ilə yardım ediblər. Bütün Qadın İnkişaf və Müəssisə qruplarının üzvləri öz kəndlərində evləri gəzərək COVID-19-la bağlı əhalini məlumatlandırıb, 3500 təsərrüfat bu xidmətdən faydalanıb. Yaşı 65-dən yuxarı olan vətəndaşların yaşadığı 90 təsərrüfata mağazadan ərzaq və digər malların alınıb çatdırılması xidməti göstərilib. İsmayıllı, Zaqatala və Masallıda fəaliyyət göstərən "Nur", "Qızılgül" və "Qızyurdu" Qadın İnkişaf və Müəssisə qrupları tərəfindən 1450 üz maskası tikilərək kənd əhalisinə pulsuz paylanılıb. Bərdə, Balakən, Zaqatala, İsmayıllı, Neftçala, İmişli, Goranboy rayonlarında fəaliyyət göstərən "Novruz", "Aşıq Sənəm", "Analar", "Qızılgül", "Nur", "Arzu", "Sahil", "Zeynəb", "İnci", "Fatimə", "Şəfa" Qadın İnkişaf və Müəssisə qrupları aztəminatlı ailələrə ərzaq yardımı ediblər. Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Ağcabədi rayonunun Gələbədin kəndində fəaliyyət göstərən “Səda” Qadın İnkişaf və Müəssisə Qrupu koronavirusla mübarizə üçün karantin şəraitində yaşayan Gələbədin kəndinin aztəminatlı ailələrinə, xəstə və tənha ahıllara öz dəstəyini göstərməklə “Biz birlikdə güclüyük!” kampaniyasının ön sıralarında gedir. Kəndin aztəminatlı ailələrindən olan 11 qadın bir araya gələrək tərəvəz becərməklə özlərini işlə təmin edib, kiçik yığım fondu yaradıb və daxili imkanları hesabına kürə tikdirərək, çörəkbişirmə biznesinə başlayıb. Qrup artıq öz biznesini şaxələndirərək şirniyyat bişirmə, tərəvəzçilik və çörəkbişirmə olmaqla 3 kiçik biznesi idarə edir.
“SƏDA” Qrupunun qadınları insanlara yalnız ərzaq və təzə çörək paylamaqla deyil, həm də yaşlı insanlara baş çəkərək onlara öz evlərində müxtəlif məişət xidmətləri - mağazadan məhsulların alınıb evlərə çatdırılması, paltar yumaq, yemək hazırlamaq və sair ilə də dəstək olur, eləcə də arterial təzyiqin yoxlanması, qan şəkərinin təyini, zəruri hallarda evə həkim çağırılması kimi tibbi xidmətlər də göstərirlər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılmış və Dünya Bankı tərəfindən dəstəklənən Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin mart ayından etibarən qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli həyata keçirir. Bu vahid model kənd qadınlarının üzləşdiyi iqtisadi və sosial çətinlikləri və öz bizneslərinə başlamaq üçün onların ehtiyacı olan qərarvermədə iştirak və təşkilatlanma problemini həll etməyə yönəlib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan və Dünya Bankı tərəfindən dəstəklənən bu model kənd qadınlarını Qadın İnkişaf və Müəssisə qruplarında təşkilatlandırıb. Bu qruplar Azərbaycanın 14 rayonunda (Balakən, Zaqatala, İsmayıllı, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Beyləqan, İmişli) qadınlara məxsus və onlar tərəfindən idarə olunan bizneslərin portfelini yaratmış kənd qadınlarının biznes kollektivləridir. Hazırda 462 qadın üzvü özündə birləşdirən 38 qrup yaradılıb. Onların müəssisələrinin fəaliyyətləri bir neçə aqrobizneslə yanaşı, çörəkbişirmə və şirniyyat, kafe, tikiş və xalçaçılıq sexlərini əhatə edir.

Keçidlər