Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Azərbaycan Xalqının Ümummilli Lideri anıldı

12 dekabr 2019 | 11:00

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz işlər buraxmışdır. Bütün ömrünü xalqına həsr edən, xalqın yolunda yanan Heydər Əliyevin adı qədirbilən xalqımızın yaddaşına qızıl hərflərlə yazılmışdır. Fenomen biliyə, yaddaşa, dünyagörüşə malik olan Heydər Əliyev olduqca bacarıqlı, uzaqgörən və müdrik bir şəxsiyyət idi. Belə böyük insanlar hər xalqın qismətinə düşmür.
   Həmişə, hər yerdə azərbaycanlı olduğu ilə fəxr edən, bu adı böyük məmnunluq və məsuliyyətlə daşıyan Heydər Əliyev xalqımız, onun mədəniyyəti, inkişafı, tərəqqisi və dünya miqyasında tanınması üçün misilsiz gərgin əmək sərf etdi. Yorulmaq nə olduğunu bilməyən bu dahi şəxsiyyət ömrünün sonuna qədər əqidəsinə, xalqına sadiq oldu. Dövlətçiliyin möhkəmlənməsi, ordunun qüdrətli bir orduya çevrilməsi, eləcə də xalqımızın xoş, firavan həyat sürməsi naminə əlindən gələni etdi. Bizim bu gün qayğısız, qorxusuz yaşamağımız naminə var gücü ilə çalışdı, hətta fiziki varlığını təhlükə qarşısında qoydu.
    Heydər Əliyev hər nə etdisə öz xalqı, vətəndaşları, soydaşları üçün etdi. Və bir gün həyatın pozulmaz, labüd qanununa uyğun olaraq gözlərini əbədi yumdu, bizi tərk etdi. Lakin o cismən ayrılsa da əslində əbədi olaraq xalqının qəlbinə köçdü.
    Odur ki, xalqımız bu böyük oğlunun unudulmaz xatirəsini həmişə, hər zaman əziz tutur, ehtiramla yad edir. Çünki o, əvəzolunmaz insan cismən bizi tərk etsə də, öz əməlləri, ölməz ruhu ilə bizimlədir, xalqının yanındadır.
    Dekabrın 12-də vətənimizin hər yerində olduğu kimi,Ağcabədidə də ulu öndər Heydər Əliyevin “Anım günü” ümumrayon səviyyəsində təntənəli surətdə anıldı. Rayon İcra Hakimiyyətinin qarşısında, ulu öndərin adını daşıyan meydanda Heydər Əliyevin əzəmətli abidəsi qırmızı qərənfil çələnginə çevrildi. İlk öncə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər. Ulu öndərin xalqımız qarşısında göstərdiyi misilsiz xidmətə və onun ölməz ruhuna böyük hörmət bəsləyən qədirbilən, 10 mindən çox ağcabədili gün ərzində ümummilli liderin abidəsini ziyarət edib, qırmızı qərənfillərlə bəzədilər. Ağsaqqallar, ziyalılar, gənclər, tələbələr, kəndlərdən bura axışan Ağcabədi vətəndaşları arasıkəsilməz izdihamla gəlib, ulu öndərə sönməz məhəbbətlərini nümayiş etdirdilər. Yüzlərlə insan bura gəlməyi, bu möhtəşəm abidənin önünə tər gül dəstəsi qoymağı, Heydər Əliyevin abidəsi önündə ona ehtiramını bildirməyi özünə mənəvi borc saydı.
    Təntənəli tədbir ehsan süfrəsi ilə davam etdirildi.
   “Kral” şadlıq sarayında Heydər Əliyevin ”Anım günü” ilə əlaqədar 300 nəfər imkansız, ehtyacı olan insanlar ehsan süfrəsi arxasında əyləşdi. Ulu öndərin ruhuna dualar edildi, “Fatihə” surəsi oxundu. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və başqa çıxış edənlər ulu öndər Heydər Əliyevin xalqımız qarşısında əvəz olunmaz xidmətlərindən, əbədiyaşarlığından danışdı. Qeyd olundu ki, Heydər Əliyev müstəqil Azərbaycanın qüdrətli yaradıcısı, xalqın xilaskarıdır. Onun xalqımız qarşısında xidmətləri müstəqillik tariximizə qızıl hərflərlə həkk olunmuşdur. Yaddaşlarda əbədi iz salan “Anım tədbiri” ümummilli liderin - Heydər Əliyevin xalqının qəlbində əbədi qərarlaşdığının bariz nümunəsi oldu.

Keçidlər