Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət nazirinin müavini Ağcabədi rayonunda vətəndaşları qəbul edib

15 noyabr 2019 | 11:00

  Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 15-də Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağcabədi Rayon Bayraq Muzeyində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

  Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağcabədi və Laçın sakinləri tərəfindən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə fiziki qüsurlu uşaqlar üçün xüsusi proqramla təmin olunmuş kompüterlərin verilməsi, MKS-nin multimedia nəşrləri və yeni kitablarla təmin olunması, Uşaq incəsənət məktəbi üçün xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə yeni proqram və dərsliklərin hazırlanmasına köməklik göstərilməsi xahiş edilib.

 Görüşdə həmçinin Vətən uğrunda şəhid olmuş mədəniyyət işçilərinin həyat və döyüş yolu haqqında xatirələr toplusunun nəşr olunması, “İşıqlı aşıq” folklor qrupunun milli geyimlərlə təmin edilməsi, eləcə də fəxri adın verilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

 Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Keçidlər