Şriftin ölçüsü :

Saytın rəngi :

XI Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayonunda tədbir keçirildi

25 sentyabr 2019 | 11:00

Heydər Əliyev Fondu , Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq musiqi festivalı çərçivəsində 25.09.2019-cu il tarixdə saat 15:00-da Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ muğam mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti oldu.Mədəniyyət və incəsənət xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, böyük bəstəkarın musiqisinin pərəstişkarlarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himni ilə başladı.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və ansamblın bədii rəhbəri Xalq Artisti Ağaverdi Paşayev çıxış edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışdılar. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəyli, həmçinin felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib.
Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 30-dək davam edəcək.
Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Üzeyir Hacıbəyli adına “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

 

Keçidlər