Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.

15 fevral 2018 | 11:00

Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, “N” saylı hərbi hissənin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.
   Anım mərasimində çıxış edənlər N.Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Abdullayev Namiq Vahid oğlu 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

    Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məslələr şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Ağcabədi rayon şöbəsinin rəisi Ruslan İsmayılov çıxış edərək, Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, ağcabədili gənclər Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsində fədakarlıq göstəriblər.    Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri bu gün də Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunə olurlar.
Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.

Keçidlər