Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

28 may 2018 | 11:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə mayın 25-də öz işini davam etdirib.
Müəllim, tələbə və rayonun aktiv gənclərinin iştirak etdiyi tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı respublikamızda dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyini diqqətə çatdırıb. S. Salahlının sözlərinə görə, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayıblar və heç zaman dinlərarası və məzhəblərarası münaqişə baş verməyib. Natiq onu da qeyd edib ki, Heydər məscidində qılınan vəhdət namazı dünyaya Azərbaycan təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirir.
DQİDK sədrinin birinci müavini Azərbaycanda həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən də danışıb. Vurğulayıb ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Bu səbəbdən dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Sonda çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə deyib ki, müasir dövrümüzdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. Sektor müdirinin sözlərinə görə, yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin həyata keçirilməsində istifadə olunur.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Dini təbliğat və sosial şəbəkələr” adlı təqdimatla çıxış edib. Bildirib ki, din cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil edir. O, dini radikal qrupların fəaliyyətindən, onların təbliğat metodlarından danışaraq qeyd edib ki, dini radikal qruplar xüsusilə gəncləri öz təsir dairələrinə salmaq üçün sosial şəbəkələrdən istifadə edirlər. Bunun da əsas səbəblərindən biri sosial şəbəkələrin daha geniş auditoriyanı əhatə etməsi, bu cür təbliğatın daha az vaxt və enerji tələb etməsi, eləcə də sosial şəbəkələrdə yaş, cins, etnik və dini fərqlərin olmamasıdır. Y.Əliyeva, eyni zamanda diqqətə çatdırıb ki, radikal dini qruplar  əsasən, intellektual səviyyəsi aşağı olan gəncləri təsirləri altına alırlar.
DQİDK-nın əməkdaşı Tərxan Paşazadə isə dini ekstremizmə qarşı mübarizənin məqsədləri və prinsipləri haqqında məlumat verib.
Sonda Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar tədbir iştirakçılarına paylanılıb.

Keçidlər