Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Laçının erməni təcavüzkarları tərəfindən işğal edilməsinin 26-cı ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi.

18 may 2018 | 11:00

18 may 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Laçının erməni təcavüzkarları tərəfindən işğal edilməsinin 26-cı ildönümü münasibətilə dəyirmi masa keçirildi. Dəyirmi masada filialın professor-müəllim heyəti və fəal tələbə gənclər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mətanət Fərzəliyeva vətən topraqları uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin ruhunu anmaq üçün bir dəqiqəlik sükut elan etdi.

Sonra çıxışına davam edən dosent Mətanət Fərzəliyeva bildirdi ki, bu gün Laçının işğalından 26 il keçir. Məhz 1992-ci ildə mayın 8-də Şuşa şəhərini ələ keçirən ermənilər növbəti hədəf kimi Laçını seçdilər. Vətənpərvər övladlarımızın müqavimətinə baxmayaraq xaricdəki havadarlarının hərbi yardımı nəticəsində erməni təcavüzkarları Azərbaycanın gözəl guşəsi, təbii sərvətlə zəngin olan Laçını işğal edə bildilər.

Ötən müddət ərzində Azərbaycan dövləti güclü orduya malik olub, regionda qüdrətli ölkəyə çevrilib. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi əsas verir ki, ölkə prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tezliklə torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacaq, ərazi bütövlüyümüzü bərpa edəcəkdir.

Sonra söz dəyirmi masa iştirakçılarına verildi. Laçınlı, Pedaqoji fakültənin dekanı, f.ü.f.d., b/m. Əli Əliyev Laçınla bağlı kövrək xatirələrini danışdı. Əli müəllim Laçın toponimləri ilə bağlı apardığı araşdırmalarını diqqətə çatdıraraq qeyd etdi ki, Laçın qədim Oğuz elidir, heç vaxt ermənilərin olmayıb və olmayacaqdır. Tezliklə biz öz torpaqlarımızı azad edəcəyik.

Qarabağ döyüşçüsü, dosent Sahib Zeynalov çıxış edərək Laçının müdafiəsində iştirak edən qəhrəman döyüş yoldaşlarını xatırladı. Natiq qeyd etdi ki, əsl vətənpərvər oğlanlarımız son ana qədər döyüşdülər. Lakin xarici havadarlarının hərbi dəstəyi ilə mənfur ermənilər Laçını işğal etdilər. Sahib

müəllim eyni zamanda o zaman orduya vahid komandanlığın olmaması, orduda pərakəndəliyin hökm sürməsi, o vaxtkı hakimiyyətdə olanların qətiyyətsizliyini Laçının işğalında əsas səbəb kimi qeyd etdi.

Sonra dosent Seymur Süleymanov, dosent əvəzi Tahir Kərimli, baş müəllim Araz Əliyev və tələbə Lamiyə Qarayeva çıxış etdilər. Natiqlər tezliklə Laçının və digər işğal altında olan Qarabağ torpaqlarının azad ediləcəyinə əmin olduqlarını bildirdilər.

Sonda Laçın uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Milli qəhrəmanlarımız haqqında video-çarx nümayiş etdirildi.

Keçidlər