Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi xalqımızın qan yaddaşıdır”

23 fevral 2018 | 11:00

23 fevral 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda anım tədbiri keçirildi.

Tədbirdə Ağcabədi RİH aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Təyyar Hacıyev iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos. Mətanət Fərzəliyeva Xocalı faciəsi haqqında məlumat verərək bildirdi ki, o dəhşətli gündən 26 il ötür. Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı insanlığa qarşı tarixi bir cinayətdir.

Bu gün dünyanın bir çox ölkələrində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və əminliyimi bildirmək istəyirəm ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacağıq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xaqlının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq.

Dos. M.Fərzəliyeva Xocalıda və bütövlükdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan etdi.Sonra söz məruzəçilərə verildi.“Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə edən filialın dosenti Yaqub Səmədov 26 fevral 1992-ci ildə baş vermiş qeyri-insani bir faciənin ən kiçik ayrıntılarına qədər tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, qeyd etdi ki, ermənilərin Xocalıya qarşı hücum planı faciənin törədildiyi vaxtdan çox illər əvvəl hazırlanmışdı. Xocalı əvvəlcə iqtisadi, sonra isə hərbi blokadaya salınaraq tamamilə yer üzündən silinməli idi.Dos. Yaqub Səmədov onu da bildirdi ki, vaxtilə Xocalıda dəhşətli qətliamı törədənlər bu gün yüksək vəzifələrdə çalşaraq dünya ictimaiyyəti qarşısına çıxır. S.Sarkisyan və S.Ohanyan dünyanın ən böyük faciəsi olan Xocalı faciəsinin iştirakçıları olaraq ədalət məhkəməsində ittiham olunmaq yerinə, yüksək tribunalarda öz iyrənc əməllərinə haqq qazandırmaqla məşğuldurlar.Xocalı faciəsi öz mahiyyəti, miqyası etibarilə dünyada baş verən faciələrin daha dəhşətlisidir. Məruzəçi bu faciəni təkcə Azərbaycan xaqlının faciəsi deyil, bəşəriyyətin, insanlığın faciəsi adlandırdı.Daha sonra Xocalı faciəsinin dəhşətlərini lentə köçürən Milli Qəhrəmanımız Çingiz Mustafayevin adını xüsusi ehtiramla yad edən məruzəçi qeyd etdi ki, bu gün Azərbaycan xaqlı məhz düşmənin əməllərini həmin fotoşəkillər, videoletlər əsasında dünya ictimaiyyətinə çatdırır.Söz filialın baş müəllimi Araz Əliyevə verildi. Çıxış edən A.Əliyev Xocalının tarixi keçmişindən danışdı və bu torpaqların əcdadlarımızın orta tunc dövründə yaşayış məskəni olduğunu dəqiq faktlarla sübuta yetirdi. Məruzəçi, Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan ərazisində yerləşdirilən ermənilərin zaman keçdikcə böyük Ermənistan xülyası ilə yaşadıqlarını və bu yolda hər cür çirkin əməllərə imza atmalarını tarixi faktlar əsasında açıqladı. Ermənilərin bir-birinin ardınca törətdikləri qırğın və faciələrdən danışan A.Əliyev bildirdi ki, Xocalı faciəsi tarixən yaşanmış faciələrimizin bir səhifəsi olmaqla, daha dəhşətli və ağlasığmazdır. Xocalıda əsir düşənlərin bir çoxunun aqibəti hələ də bilinmir və dünya birliyi bu ədalətsizliyə göz yumur. Biz yalnız o zaman mənəvi rahatlıq tapa bilərik ki, vətənimizi erməni tapdağından təmizləyək və zəfər bayrağımızı Şuşada, Xankəndində və Xocalının səmasında dalğalandıraq. Buna görə də Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında sıx birləşməli və hər an onun döyüş əmrinə hazır olmalıyıq.

Sonra filialın dosenti Məhəmməd Hüseynov, dosent əvəzi Tahir Kərimli, dosent əvəzi Sahib Zeynalov, baş müəllim Xıdırov Qələndər çıxış etdilər. Natiqlər öz çıxışlarında qeyd etdilər ki, Xocalı soyqırımı bəşər faciəsi olmaq etibarilə yaddaşlardan heç vaxt silinməyəcək. Doğrudur, dünya dövlətləri hələ də bu faciəyə ikili standartlarla yanaşır. Lakin gün gələcək, bu faciənin dəhşətlərini hər bir millətin nümayəndəsi yaxşı anlayacaq. Bu sadəcə olaraq bir arzu, istək deyil. Respublikamızın Prezidenti, cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Fondun Vitse-Prezidenti Leyla xanım Əliyevanın Xocalı həqiqətlərinin dünyaya tanıdılması yönündə apardıqları əməli fəaliyyət bizi daha əminliklə danışmağa ruhlandırır.

Daha sonra söz Ağcabədi RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Təyyar Hacıyevə verildi. O, tədbirin təşkili üçün filial rəhbərliyinə dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, belə tədbirlərin ziya ocağında keçirilməsi daha məqsədəuyğundur. Məsələyə münasibət bildirən T.Hacıyev ürək ağrısıyla bildirdi ki, mənfur qonşularımız daim tariximizi məhv etməyə çalışmış, hal-hazırda işğal etdikləri regionların tarixi abidələrini məhv etməklə məşğuldurlar. Lakin bu bizi ruhdan salmamalıdır. Bu gün Azərbaycan güclü ordusu, güclü iqtisadiyyatı olan ölkələr siyahısındadır. İnanırıq ki, Ulu Öndərimizin layiqli varisi, siyasi davamçısı, Respublikamızın Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcəkdir. Tədbiri bağlı elan etmək üçün söz alan direktor, dosent M.Ç.Fərzəliyeva xalqımıza faciə münasibətilə başsağlığı verdi, hamını mətin olmağa səslədi və onu da qeyd etdi ki, xalqımız artıq düşmənə qarşı mübarizədə aciz deyil. Onun başında Ulu Öndərimizin siyasi varisi olan İlham Əliyev kimi Ali Baş komandanın olması ürəklərə dəyanət, dizlərə təpər verir.

Tədbirin sonunda Xocalı faciəsinə aid sənədli film nümayiş etdirildi.

Keçidlər