Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Ağcabədinin 9 kəndində suvarma sistemi bərpa edilib

16 avqust 2017 | 11:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Ağcabədinin doqquz kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.
Bu münasibətlə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Ağcabədi rayonuna səfər edib. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağa Ağcabədi haqqında məlumat verilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Yaponiya hökumətinin həyata keçirdiyi bu layihənin rayonun kənd təsərrüfatına töhfə verəcəyini deyib.
Səfir Teruyuki Katori bildirib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümüdür. Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafında çox maraqlıdır və bu nöqteyi-nəzərdən özünün İnkişafa Rəsmi Yardım Proqramı vasitəsilə ölkənin infrastrukturunun daha da inkişafı üçün Azərbaycana dəstək etməkdədir. Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardımın ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.
Sonra rayonun Kəhrizli kəndində layihənin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən səfir Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib, bu layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb. Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar ümumi dəyəri 18 milyon 950 min 433 ABŞ dolları olan 222 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Qeyd olunub ki, Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda 5 layihə həyata keçirib və bu, artıq 6-cı layihədir. Layihənin icrası nəticəsində rayonun Aşağı Kəhrizli, Şotlanlı, Şahmalılar, Yuxarı Kəhrizli, Hüsülü, İmamqulubəyli, Poladlı, Kürdlər və Taynaq kəndlərində 327 ailəyə məxsus 473 hektar pay və həyətyanı torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaq. Layihənin ümumi məbləği 82 min 359 ABŞ dolları təşkil edir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Sonra subartezian quyusu işə salınıb.
Teruyuki Katori səfər çərçivəsində Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “Atena” süd məhsulları kombinatı ilə də tanış olub. Səfirə məlumat verilib ki, 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş və həmin vaxtdan da istehsala başlamış müəssisənin gündəlik emal gücü 250 tondur. Dünya süd texnologiyasında istifadə olunan ən yüksək standartların tətbiq edildiyi kombinatda mükəmməl laboratoriya sistemi qurulub ki, burada 110 növ labarator təhlil aparılır. İdarəetmə sistemi tam avtomatlaşdırılmış kombinatda 60 çeşiddə süd məhsulu istehsal olunur.

 

Keçidlər