Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi taekvandoçuları Qubada keçirilən beynəlxalq yarışın qaliblərindən olub

27 iyul 2017 | 11:00

Qubada dörd ölkənin idmançılarının iştirakı ilə keçirilən “Umid Cup” beynəlxalq taekvando çempionatının qalibləri mükafatlandırılıb.
Üç gün davam edən mübarizədən sonra turnirin komanda hesabında qalibləri müəyyənləşib.
Tapdıq Əkbərovun baş məşqçiliyini etdiyi Ağcabədi taekvondoçularından ibarət komanda 4 qızıl, 2 gümüş, 2 bürünc medalla turniri üçüncü yerdə başa vurub.
Azərbaycan Taekvando Federasiyasının dəstəyi və “Ümid” taekvando klubunun təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq yarışda 800-ə yaxın idmançı qüvvəsini sınayıb.
Yarışda Azərbaycanda fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstan taekvandoçuları da medallar uğrunda mübarizə aparıb.
Turnir 2008-2009-cu, 2006-2007-ci, 2003-2005–ci və 2000-2002-ci il təvəllüdlü oğlan və qız taekvandoçular arasında təşkil edilib.
Mükafatlandırma mərasimində çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açaraq, bu kimi yarışların əhəmiyyətini vurğulayıblar. Taekvandoçularımızın son zamanlar beynəlxalq arenalarda əldə etdiyi nailiyyətlərin yeniyetmə idmançılara örnək olduğu qeyd edilib.
Bildirilib ki, beynəlxalq turnirin keçirilməsində əsas məqsəd taekvando idman növünü populyarlaşdırmaq, perspektivli idmançıları üzə çıxarmaq və beynəlxalq təcrübəni artırmaqdan ibarətdir.
“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçirilən turnirdə mükafatçılar sırasında yer alan idmançılar kubok, müvafiq diplom və medallarla təltif olunublar.

 

Keçidlər