Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonundan təhsil işçiləri Cocuq Mərcanlıya səfər edib

28 may 2017 | 11:00

Mayın 28-də Respublika günü münasibəti ilə Ağcabədi rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə bir qrup təhsil işçisi, xüsusilə rayonun ümumtəhsil məktəblərinin direktorları Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.
“Ağcabədidən Cocuq Mərcanlıya, Cocuq Mərcanlıdan Şuşuya!” şüarı ilə yola çıxan təhsil işçiləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sərəncama uyğun olaraq görülən tədbirlərin, ərazidə aparılan minadan təmizləmə və tikinti işlərinin canlı şahidi olublar. Səfər iştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Onlar həmçinin, Cocuq Mərcanlı kəndində ağac da əkiblər. Sonda səfər iştirakçıları xoş təəssüratlarla geri qayıdıblar.

Keçidlər